BAKI, 17 avqust. TELEQRAF
“Rusiya sərhədyanı ərazilərdə öz bölmələrini əvəzləmək və onları cəbhənin ən aktiv istiqamətlərinə göndərmək üçün Şimali Koreya hərbçilərindən istifadə edə bilər”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Könüllülər Ordusunun sözçüsü Sergey Bratçuk deyib.
Bratçukun sözlərinə görə, Rusiya hazırda Şimali Koreya bölmələrini öz ordusunda şəxsi heyət çatışmazlığını kompensasiya etmək imkanı kimi nəzərdən keçirə bilər:
“Sərhəd ərazilərində 15-20 min rusiyalı hərbçinin olması mümkündür. Bu ehtiyat qüvvələri Rusiya ərazisindən ən gərgin istiqamətlərə (Ukraynaya) göndərə bilərlər. “Şübhəsiz ki, Kremlin bu bölmələrdən istifadə etmək cəhdi sərhədyanı bölgələrdə yerləşən döyüş bölmələrini Rusiya-Ukrayna cəbhəsinin ən aktiv istiqamətlərinə göndərmək məqsədi daşıyır. Koreyalılar onları sərhəddə əvəz edəcəklər”.
Bratçuk qeyd edib ki, söhbət ilk növbədə Şimali Koreyanın piyada və mühəndis-tikinti bölmələrindən gedir. Sözçü hesab edir ki, onların yerləşdiriləcəyi ərazilər Kursk, Belqorod və Bryansk vilayətləri, eləcə də Voronej vilayətinin şimal-qərb hissəsi ola bilər. Bununla yanaşı, o vurğulayıb ki, Şimali Koreya hərbçilərinin Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi məsələsi açıq qalır.