BAKI, 31 iyul. TELEQRAF

Polşa Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket hücumu zamanı ölkənin hava məkanına daxil olaraq Lyublin vilayətinə düşən raketin növünü rəsmi şəkildə müəyyənləşdirib. Məlum olub ki, bu, X-101 qanadlı raketidir.

Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.

O bildirib ki, X-101 müxtəlif növ döyüş başlıqları, o cümlədən nüvə başlığı daşıya bilən qanadlı raketdir. Raket Polşa ərazisində yerə çırpılaraq partlayıb.

Tomçikin sözlərinə görə, Rusiya ordusunun hücumu zamanı 20-yə yaxın raket Polşa sərhədi istiqamətində hərəkət edib. Ümumilikdə isə Rusiya qüvvələri hücum zamanı 70 raketdən istifadə edib. Ukraynanın qərbi istiqamətində uçan raketlərin böyük əksəriyyəti Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Raketlərdən birini Ukrayna Silahlı Qüvvələrinin pilotu təqib etsə də, Polşa sərhədinə təxminən 20 saniyə qalmış təqibi dayandırıb. Tomçik vurğulayıb ki, Ukrayna təyyarəsi icazə olmadan Polşanın hava məkanına daxil ola bilməzdi. Həmçinin Polşanın F-16 qırıcıları onu yanlış qiymətləndirə bilərdi.

Müdafiə nazirinin müavini əlavə edib ki, Polşa ordusu Rusiyanın hücumunun gedişini ilk andan izləyib və sərhəd yaxınlığındakı vəziyyəti nəzarətdə saxlayıb:

“Bu, Ukraynaya qarşı həyata keçirilən ən iri raket hücumlarından biri idi. Müharibənin əvvəlindən bəri adətən zərbə dronları olmaqla yüzlərlə obyekti izləyirik. Adətən ruslar 10-20 raketlə hücum edirdi, amma bu dəfə ümumilikdə təxminən 70 raket istifadə olunmuşdu və onlardan 20-yə yaxını Polşa istiqamətində uçmuşdu”.