BAKI, 30 iyul. TELEQRAF

Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket hücumu zamanı X-101 tipli qanadlı raket Polşa sərhədini keçərək NATO-nun hava məkanını pozub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Nazir bildirib ki, hadisə Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin təkcə ölkənin deyil, bütün Avro-Atlantik məkanının təhlükəsizliyi üçün vacib olduğunu bir daha göstərir.

Sibiqa vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin qadın və uşaqlara qarşı müharibəni davam etdirir və bu terror Ukrayna ilə yanaşı, bütün Avropanın ballistik müdafiəsinin təcili gücləndirilməsinin zəruriliyini nümayiş etdirir.

“Rusiya raketinin Polşanın hava məkanına daxil olması Ukrayna ilə Polşanın ortaq təhlükə ilə üz-üzə olduğunu bir daha göstərir. Bu şəraitdə iki ölkə üçün əsas prioritet ümumi təhlükəsizliyin təmin edilməsi olmalıdır və mövcud fikir ayrılıqları müharibə dövründə ikinci plana keçirilməlidir”, - xarici işlər naziri bildirib.

Andrey Sibiqa əlavə edib ki, Ukrayna hücumun nəticələri barədə bütün tərəfdaş ölkələri və beynəlxalq təşkilatları məlumatlandırır. O, beynəlxalq ictimaiyyəti qəti mövqe nümayiş etdirməyə, Ukraynaya dəstəyi artırmağa və Rusiyaya təzyiqi gücləndirməyə çağırıb.