BAKI, 29 iyul. TELEQRAF

Tehran Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə cavab olaraq Ukraynanın dəniz limanlarından birinə raket hücumu həyata keçirməyi nəzərdən keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, intensiv diplomatik səylər nəticəsində hazırda vəziyyəti sabitləşdirmək mümkün olub.

Mənbələrin biri bildirib ki, İranın Ukraynaya simvolik xarakter daşıyan, nisbətən kiçik döyüş başlığına malik ballistik raket atacağı gözlənilib. Digər mənbələr isə ehtimal olunan hədəfin Ukraynanın Qara dənizdə yerləşən limanlarından biri ola biləcəyini qeyd edib.

NYT vurğulayıb ki, İranın Ukraynaya qarşı istənilən raket hücumu münaqişənin kəskin eskalasiyası olacaq və İranın Rusiya ilə müttəfiqliyi fonunda Tehranla Kiyev arasında daha genişmiqyaslı qarşıdurma riskini artıracaq.

İran rəsmiləri cavab zərbəsindən sonra gərginliyin səngiyəcəyinə ümid etdiklərini bildiriblər. Qərb rəsmiləri isə Ukraynanın mümkün reaksiyasını əvvəlcədən proqnozlaşdırmağın çətin olduğunu deyiblər.

İran hakimiyyətinə yaxın analitik Mehdi Rəhməti bildirib ki, ölkədə bəzi siyasi dairələr Ukraynaya cavab zərbəsi endirilməsini dəstəkləsə də, digərləri təmkin nümayiş etdirməyin tərəfdarıdır:

“Ukrayna kiçik və əhəmiyyətsiz ölkə deyil. Onun döyüş təcrübəsi var və ABŞ ilə Avropanın hərbi-texniki dəstəyini alır. Bu müharibədə yeni cəbhə açmaqla heç nə qazanmayacağıq”.

NYT əlavə edib ki, mövcud gərginliyin nə qədər müddət nəzarət altında saxlanılacağı hələ də qeyri-müəyyən olaraq qalır.