BAKI, 2 iyul. TELEQRAF
Rusiya ordusu 2026-cı ilin iyun ayında Ukraynada təxminən 30,42 kvadrat kilometr ərazini ələ keçirib və ya həmin ərazilərə daxil olub. Rus qoşunlarının orta irəliləmə tempi gündə təxminən 1,01 kvadrat kilometr təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Analitiklər müqayisə üçün bildiriblər ki, 2025-ci ilin iyun ayında Rusiya ordusu 481,25 kvadrat kilometr ərazi ələ keçirmiş, orta hesabla gündə 16,04 kvadrat kilometr irəliləmişdi. Hesablamalara görə, Rusiya ordusunun hücum sürəti bir il ərzində təxminən 16 dəfə azalıb.
ISW qeyd edib ki, artıq bir ildən çoxdur Rusiyanın əldə etdiyi uğurlar əsasən yavaş və tədrici xarakter daşıyır. Hətta 2025-ci ildə müşahidə olunan nisbətən yüksək irəliləyiş tempi də faktiki olaraq addım-addım irəliləyişdən ibarət olub.
Rusiya ordusunun irəliləmə sürəti 2025-ci ilin noyabr ayından etibarən ardıcıl şəkildə zəifləyir. Bundan əlavə, Rusiya qüvvələri 2025-ci ilin sonu - 2026-cı ilin yazında Ukrayna Silahlı Qüvvələrinin Kupyansk və Aleksandrivka istiqamətlərində həyata keçirdiyi uğurlu əks-hücumlardan sonra itirdikləri əraziləri geri ala bilməyiblər.
Rusiya qoşunlarının əsas diqqəti Konstantinivkaya fokuslanıb, hazırda bura Moskvanın əsas hücum istiqaməti hesab olunur. Amma hətta burada belə rus qüvvələri yalnız şəhər ərazisində yavaş taktiki irəliləyiş əldə edə biliblər, bunu da böyük itkilər bahasına reallaşdırıblar.
Altı ay ərzində Rusiya Ukraynada ötən illə müqayisədə təxminən üç dəfə az ərazi işğal edib. Hesablamalarına görə, 2025-ci ilin ilk altı ayında Rusiya qoşunları 2 189,87 kvadrat kilometr ərazi ələ keçirmişdi. 2026-cı ilin ilk altı ayında isə cəmi 622,60 kvadrat kilometr irəliləyə və ya həmin ərazilərə daxil ola biliblər. Bu o deməkdir ki, 2026-cı ildə Rusiya ordusu ötən ilin ilk altı ayında əldə etdiyi qazancların cəmi 28,43 faizini əldə edə bilib.
Cüzi irəliləyişə baxmayaraq, Rusiya ordusu canlı qüvvə və texnika baxımından ağır itkilər verir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, 2026-cı ilin iyun ayında Rusiya ordusunun itkiləri 39 490 nəfər (ölən və yaralananlar) təşkil edib. ISW-nin fikrincə, bu, ələ keçirilən və ya nəzarətə götürülən hər 1 kvadrat kilometr əraziyə orta hesabla 1 298 nəfər itki deməkdir. Müqayisə üçün, 2025-ci ilin iyun ayında Rusiya təxminən 32 680 hərbçi itirmişdi, bu da hər ələ keçirilən 1 kvadrat kilometr əraziyə orta hesabla 68 itki demək idi. Beləliklə, bir il ərzində hər qarış əraziyə düşən Rusiya itkilərinin sayı 19 dəfədən çox artıb.
ISW hesab edir ki, bu göstəricilər Ukrayna qüvvələrinin həm Rusiya ordusunun irəliləyişini daha səmərəli şəkildə ləngitdiyini, həm də ona ciddi itkilər verdiyini göstərir. Zəif hücum tempi fonunda Rusiyanın böyük itkiləri Ukraynanın rus ordusunun arxa cəbhəsindəki hərbi obyektlərinə, logistika xətlərinə və komanda-idarəetmə strukturlarına endirdiyi zərbələrin yüksək effektivliyindən xəbər verir.