BAKI, 1 iyul. TELEQRAF

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan sonra Çinə qəfil səfəri ekspert və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub”.

Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Belarus liderinə xəbərdarlıq edib:

“Zelenski bildirib ki, Lukaşenko Belarus ərazisindən Rusiyanın Ukraynaya dron və raket zərbələrinə dəstək verən stansiyaların fəaliyyətini dayandırmasa, Ukrayna onun ölkəsinə zərbə endirəcək. Zelenskinin açıqlaması açıq-aşkar Lukaşenkonu qorxudub. Çünki Rusiya ilə müharibədə güclənmiş Ukrayna ordusu Belarusdə istənilən hədəfi neytrallaşdırmaq imkanına malikdir.

Belaruslu generallar qonşu Ukrayna ilə savaşmaq istəmirlər. Lukaşenko bilir ki, Ukraynanın ölkəsinə zərbələri onun hakimiyyətini zəiflədəcək. Odur ki, ard-arda açıqlamalar verməyə başlayıb, hətta müsahibələrinin birində vaxtilə Zelenskini təhqir etdiyinə görə ukraynalı həmkarından da üzr də istəyib. Lukaşenko “biz müharibə istəmirik” fikrini bir neçə dəfə təkrarlamaq məcburiyyətində qalıb. Zelenski bundan sonra açıqlama verib ki, Belarus ərazisindəki stansiyalar fəaliyyətlərini dayandırıblar. Ancaq bu dəfə Lukaşenkoya təzyiq rusiyalı həmkarı və patronu Vladimir Putindən gəlib. Rusiya Ukraynaya qarşı müharibədə Belarusun imkanlarından imtina etmək istəmir. Buna görə də, Putin Lukaşenkonu Kremlə çağırdı. İkili arasında qapalı danışıqlar getdi. Rusiya tərəfi danışıqların predmeti barədə mətbuata məlumat vermədi”.

Elxan Şahinoğlu qeyd edib ki, Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər yandan Kiyevdən xəbərdarlıq mesajları alır:

“Belarus Prezidenti bu vəziyyətdə Pekinə səfər etməyi lazım bildi. Lukaşenko sonuncu dəfə Çində 2025-i ilin sentyabrında olub, həmin tarixdə Pekində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı keçirilib. Çin lideri Si Cinpin “dostum” adlandırdığı Lukaşenkoyla söhbətdə ölkəsinin Belarusun suverenliyini və müstəqilliyini müdafiə edəcəyini bildirib. Bu nə deməkdir? Çin Belarusu Ukraynanın mümkün həmlələrindən, yoxsa Rusiyanın təzyiqlərindən qoruyacaq?

Çin Rusiya və Belarusla tərəfdaşlıq münasibətlərinə malik olsa da, Ukrayna müharibəsində Kreml və ya Minski dəstəkləməkdən ehtiyat edir. Pekinin Qərb ölkələri ilə münasibətləri hamar olmasa da, Vaşinqton və Brüsellə körpüləri yandırmaq istəmir. Buna baxmayaraq, Vaşinqton və Brüssel Pekinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün Moskvaya olan təsir imkanlarından istifadə etmək istəməməsindən narazıdır. Məsələn, Pekin Minskə dəstəyini ifadə etsə də, qapalı danışıqlarda Belarus Prezidentinə “sən müharibəyə qarışma, kənarda qal” məsləhətini verə bilər. Ancaq Çin lideri açıq şəkildə bildirib ki, Pekin Belarusun suverenliyinə və ərazi bütövlüyünə dəstək verməyə hazırdır. Pekinin sözdə dəstəyi heç nə ifadə etmir, Lukaşenko Rusiya-Ukrayna müharibəsində neytrallığını qoruya bilməsə, Çin Belarusun köməyinə gəlməyəcək”.