BAKI, 10 iyun. TELEQRAF

İspaniya Baş naziri Pedro Sançes müxalifətin çağırışlarına və hakim Sosialist Partiyası ilə bağlı korrupsiya qalmaqallarına baxmayaraq, istefa vermək və erkən seçkilər təyin etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanı İspaniya parlamentində hökumətə suallar zamanı verib.

Debat zamanı müxalif Xalq Partiyasının sədri Alberto Nunes Feyju Baş naziri dövlət cinayətlərində günahlandırdı və onun hökumətini “kiçik Gestapo” adlandırıb. Həmçinin Sançesin tarixə “ən ciddi korrupsiya işinin təhrikçisi, sponsoru və faydalananı” kimi düşəcəyini söyləyib.

Baş nazir buna cavab olaraq öz səhvlərini etiraf etsə də, müxalifətin ikiüzlülüyünə dözməyə hazır olmadığını və Xalq Partiyası ilə əlaqəli yüksək səviyyəli korrupsiya qalmaqallarını xatırlatdığını bildirib.

Pedro Sançes Konstitusiyanın müəyyən etdiyi son tarixə riayət edəcəyini, gələn ildən əvvəl seçkilər elan etməyi planlaşdırmadığını açıqlayıb:

“Hiyləgər müxalifətinizi, manipulyasiyalarınızı istədiyiniz qədər davam etdirin, çünki biz ölkəni İspaniya xalqının istədiyi qədər idarə etməyə davam edəcəyik”.