BAKI, 18 may. TELEQRAF

Böyük Britaniya Baş naziri Kir Starmer hakim Leyboristlər Partiyasının parlament üzvlərinin müvafiq çağırışları fonunda istefası üçün vaxt müəyyən etmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin müavini Devid Lemmi bildirib.

“İstefa üçün heç bir müddət olmayacaq. Dəqiq sözümdür: Kir Starmer tanıdığım ən dözümlü insandır. Dünən onunla iki dəfə danışmışam, güclü xarakteri və döyüş təcrübəsi var”, - o, “Sky News”a verdiyi müsahibədə deyib.

Lemmi əlavə edib ki, Starmerin rəhbərliyi altında Böyük Britaniya hökuməti siyasi mübahisələrə qarışmaqdansa, gündəlik vəzifələrini yerinə yetirməyə fokuslanıb.

“Sky News”un məlumatına görə, İcmalar Palatasında (parlamentin aşağı palatası) 90-dan çox Leyborist Partiyasının üzvü Kir Starmerin istefasını tələb edib.

Mayən 7-də yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra Böyük Britaniyada siyasi böhran başlayıb. Seçkilərdən sonra Leyboristlər Partiyası ilk dəfə Uels parlamentinə nəzarəti itirib. Leyboristlər İngiltərədəki müxtəlif qanunvericilik orqanlarında əvvəlkindən 1400 az yer qazanıblar. Starmer seçkilərdəki məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürsə də, Leyboristlər Partiyasının sədri və Baş nazir vəzifələrindən istefa verməkdən imtina edib.

Böyük Britaniya hökumətinin bir neçə üzvü Kir Starmerə etiraz olaraq istefa verib.