BAKI, 6 may. TELEQRAF

“Ukraynalılar və polyaklar şüurlu olmalı, mürəkkəb tarixi məsələlərdə anlaşma axtarmalıdırlar. Əks təqdirdə, hər iki ölkəni münaqişəyə çəkmək üçün əlindən gələni edən Rusiya qalib gələcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Aleksandr Mişenko deyib.

Diplomat qeyd edib ki, son iki ildə tarixi Ukrayna-Polşa barışığı istiqamətində çox iş görülüb:

“Hazırda Ukrayna-Polşa işçi qrupu uğurla işləyir, axtarış və eksqumasiya işləri davam edir, həlak olanların xatirəsi anılır. İndi isə Ukrayna və Polşa tarixçiləri keçmişi birgə müzakirə edəcəklər. Ukrayna tərəfi buna açıqdır, bunun zəruriliyini anlayırıq. Amma ortaq məxrəc tapmağa çalışmasaq, Tanrı qorusun, düşmən bizi bölüb qalib gəlsə, tarixi irsimizi qoruyan heç kim olmayacaq. Hər yerdə məzar olacaq, hər yerdə Buça olacaq. Bunu çox yaxşı bilirik, siz də bilirsiniz”.

Mişçenko vurğulayıb ki, Ukrayna və Polşanın əbədi düşməninin yenidən sərhədlərdə peyda olduğu durum ukraynalılar və polyakları anlaşmaya çalışmağa məcbur edir:

“1920-ci ildə Polşa qoşunları Ukrayna Xalq Ordusunun dəstəyi ilə Varşava yaxınlığında rusları dayandırmışdı, bu gün Ukrayna ordusunun cəsarəti sayəsində Ukrayna Polşa və beynəlxalq ictimaiyyətin köməyi ilə eyni şeyi edir. 1920-ci ildə etməli olduğumuz işi bitirməliyik. İndi bitirməsək, uşaqlarımız yenidən bu dilemma ilə üzləşəcək, vuruşacaq, bizi öldürəcəklər. Əgər bu gün səylərimizi birləşdirməyin yolunu tapmasaq, bu işğal davam edəcək”.