BAKI, 28 aprel. TELEQRAF

Müasir Norveç tarixində ən böyük terror aktında günahkar bilinən Anders Breyvik rəsmi olaraq adını dəyişdirib.

Teleqraf xəbər verir ki, o, hazırda ölkədə ən çox yayılmış ad-soyad kombinasiyası olan Yan Yohansen kimi qeydiyyatdadır.

Ad dəyişikliyi Norveçin milli reyestrində təsdiqlənib. Statistikaya görə, hazırda ölkədə təxminən 600 nəfərin ad-soyadı Yan Yohansendir.

Breyvikin adını dəyişməsi ilk dəfə deyil. O, əvvəllər Far Skaldiqrimm Rausköldr af Nordrik də daxil olmaqla, başqa ad-soyadlardan istifadə edib. Hətta əvvəllər Fyotolf Hansen kimi qeydiyyatdan keçib.

Terrorçunun vəkili Oysteyn Storrvik nə ad dəyişikliyi, nə də onun mümkün səbəbləri barədə şərh verməkdən imtina edib.

Anders Breyvik 2011-ci il iyulun 22-də Oslo və Utoya adasında 77 nəfərin ölümü ilə nəticələnən terror aktlarının təşkilatçısı kimi tanınır. 2012-ci ildə Norveçdə tətbiq olunan ən ağır - 21 il azadlıqdan məhrumetmə və müddətin uzadılması cəzası ilə məhkum edilib. O vaxtdan bəri həbsxanada təcrid şəraitində saxlanılır.

Son illərdə saxlanma şəraiti ilə bağlı dəfələrlə məhkəmə iddiaları qaldırıb, iki dəfə - 2022-2024-cü illərdə şərti azadlığa buraxılmağa çalışıb, amma buna nail ola bilməyib.