BAKI, 14 aprel. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla apardığı danışıqlar zamanı Hörmüz boğazının açılmasına çağırıb.
Teleqraf xəbər verir ki, Fransa lideri bu barədə X-də yazıb.
“Hörmüz boğazının mümkün qədər tez, heç bir ilkin şərt və heç bir nəzarət və ya rüsum olmadan yenidən açılması son dərəcədə vacibdir”, - o bildirib.
Makron əlavə edib ki, aprelin 17-də Fransa və Böyük Britaniya digər ölkələrin iştirakı ilə videokonfrans keçirərək, Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün potensial tam müdafiə xarakterli missiyanın yaradılması müzakirə olunacaq. Amma onun sözlərinə görə, bu missiya yalnız təhlükəsizlik vəziyyəti imkan verdiyi halda həyata keçirilə bilər.
Dövlət başçısı həmçinin Donald Tramp və Məsud Pezeşkianı İslamabadda dayandırılmış danışıqları bərpa etməyə, anlaşılmazlıqları aradan qaldırmağa və yeni eskalasiya mərhələlərindən qaçınmağa çağırıb. Fransa Prezidenti hesab edir ki, iki ölkə arasında razılaşdırılmış atəşkəsə ciddi şəkildə riayət olunmalı və bu, İsrailin “Hizbullah”a qarşı hərbi əməliyyat apardığı Livana qədər genişləndirilməlidir.