BAKI, 14 aprel. TELEQRAF

“Vladimir Putin Macarıstanda Viktor Orbanın məğlubiyyətindən sonra Avropa İttifaqındakı “Troya atı”nı” itirib”.

Teleqraf xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.

Fransalı nazir Macarıstan Baş naziri Viktor Orbanın xələfi Peter Madyarı Ukraynaya yardım məsələsində Budapeştin vetosunu ləğv etməyə çağırıb.

“Bu, təkcə Viktor Orban yox, Vladimir Putin üçün də məğlubiyyətdir, o, Avropa İttifaqındakı “Troya atı”nı itirdi”, - Barro qeyd edib.

Xarici işlər naziri əlavə edib ki, Orbanın Ukraynaya münasibətdə apardığı siyasət ona maneələr yaradırdı, indi bu əngəllərin aradan qalxmasını görməkdən məmnundur.

Fransa həmçinin seçkilərin qalibi Peter Madyardan artıq vəd etdiyi addımları atmasını gözləyir: “Yəni Orbanın zəiflətdiyi hüququn aliliyi prinsiplərini bərpa etmək, Macarıstanı yenidən Avropa ailəsində öz yerinə qaytarmaq və əsassız tətbiq edilmiş vetoları ləğv etmək”.

“Tisa” partiyasının sədri Peter Madyar Viktor Orban hökumətinin Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kredit vermək qərarına qoyduğu vetonu ləğv edə biləcəyini söyləsə də, Kiyevin Avropa İttifaqına sürətlə qəbuluna qarşı çıxır.