BAKI, 14 aprel. TELEQRAF

Avropa Komissiyası Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyarla Budapeştin Ukrayna və Avropa İttifaqı (Aİ) ilə münasibətlərini bərpa etmək üçün seçkilərdən dərhal sonra danışıqlara başlayıb.

Teleqraf xəbər verir ki, bu bardə “Financial Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Brüssel Baş nazir Viktor Orbanın dövrünün təsirlərini aradan qaldırmaq üçün bir sıra sürətli islahatların həyata keçirilməsini və Ukraynaya Aİ tərəfindən veriləcək 90 milyard avroluq kreditin ən qısa müddətdə təsdiqlənməsini tələb edir. Aİ bunun qarşılığında Macarıstanın uzun müddətdir bloklanmış 35 milyard avroluq büdcə vəsaitlərinin blokdan çıxarılmasını sürətləndirməyi nəzərdən keçirir.

Mənbə xatırladıb ki, bu vəsaitlər Orbanın hakimiyyəti dövründə yaranmış siyasi-hüquqi mübahisələr səbəbindən dondurulub.

Qeyd edək ki, Peter Madyarın partiyası aprelin 12-də keçirilən parlament seçkilərində qalib gəlib. Mübarizədə əsas rəqibi Viktor Orbanı məğlub edən “Tisa” lideri Macarıstanın növbəti baş naziri kimi səlahiyyətlərinə mayda başlayacaq.