BAKI, 14 aprel. TELEQRAF

Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyarla Polşa Baş naziri Donald Tusk arasında yaxınlaşma Avropa İttifaqında (Aİ) güc balansını dəyişdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.

Madyar Tusku Avropada əsas müttəfiqlərindən biri kimi görür və bu, onun Brüssellə əməkdaşlıq təcrübəsinə əsaslanır. Tusk 2023-cü ildə hakimiyyətə qayıtdıqdan sonra sələflərinin siyasətini yenidən nəzərdən keçirmək üçün addımlar atıb və Avropanın maliyyə fondlarının blokdan çıxarılması məsələsində irəliləyiş əldə edib.

“Politico” qeyd edib ki, Macarıstanda siyasi kurs dəyişikliyi Polşadakı vəziyyətə də təsir göstərə bilər. Artıq Polşanın milli-mühafizəkar qüvvələri 2027-ci il parlament seçkiləri ərəfəsində Macarıstanın təcrübəsini təhlil etməyə başlayıblar.

Almaniyanın Beynəlxalq Münasibətlər Şurasının baş elmi işçisi Milan Niç deyib ki, Madyarla Tusk arasındakı münasibətlər etimada əsaslanır. Bununla belə, Macarıstanın yeni liderinin Almaniya Kansleri Fridrix Mertslə əməkdaşlıq perspektivləri hələ tam məlum deyil.

Niçin fikrincə, Budapeşt və Varşava arasında koordinasiyanın güclənməsi “Vişeqrad qrupu”nun digər üzvləri - Slovakiya və Çexiya ilə fikir ayrılıqlarına səbəb ola bilər.