BAKI, 13 aprel. TELEQRAF
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın administrasiyasından qorxmadığını, amma onunla polemika da aparmaq niyyətində olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.
“Mən Tramp administrasiyasından qorxmuram. Onunla müzakirəyə girmək niyyətim yoxdur. Mən İncildən danışıram, müharibəyə qarşı çıxmağa davam edəcəyəm”, - Papa vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp XIV Leonun müharibə əleyhinə açıqlamalarından sonra “Truth Social”da belə yazıb: “Bu papa cinayətkarlıq və xarici siyasət məsələlərində zəifdir”.
ABŞ lideri iddia edir ki, Leonun papa seçilməsində əsas rolu məhz o oynayıb.
Roma Papası İsrail və ABŞ-nin İrana hücumu səbəbindən Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlığını bildirib. XIV Leo ABŞ Prezidenti və komandası haqda sərt danışıb. Xüsusilə, o, Trampın İranda sivilizasiyanı məhv etmək təhdidini “qəbuledilməz” adlandırıb və müdafiə naziri Pit Heqsetin Amerika əsgərləri üçün İsa Məsihin adı ilə qələbə naminə dua etmək çağırışına etiraz edib. Papanın sözlərinə görə, hegemoniya arzusu İsa Məsihin yoluna yaddır.
Papa aprelin 11-də Müqəddəs Pyotr Bazilikasında müharibə əleyhinə moizə oxuyub.