BAKI, 26 yanvar. TELEQRAF

Böyük Britaniyanın Kralı III Çarlz dövlət ziyafətləri üçün sərt kulinariya qaydaları müəyyənləşdirib, bu zaman tez-tez istifadə olunan üç məhsulun - şokolad, qəhvə və sarımsağın verilməsini qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Radar Online” kral sarayına istinadla məlumat yayıb.

77 yaşlı kral yeməyə qarşı son dərəcə tələbkardır, onun qoyduğu qadağalar heç bir istisnaya yol vermir. Rəsmi qəbul və ziyafətlər zamanı aşpazlar menyunu xüsusi diqqətlə planlaşdırmağa məcbur olurlar, başqaları təsadüfən belə onun boşqabının yaxınlığında görünə bilmirlər.

“Çarlzın yeməklə bağlı ciddi antipatiyaları var. Həddindən artıq seçicidir, şokolad, qəhvə və sarımsaq onun üçün tam qadağandır. Bu, kralın birbaşa göstərişidir və onu pozmaq mümkün deyil”, - nəşrə danışan mənbə deyib.

Kralın tələbləri yalnız menyu ilə məhdudlaşmır. Mənbələrin sözlərinə görə, III Çarlz səfərlərə həmişə öz süfrə ləvazimatları ilə çıxır. Onun yanında mütləq xüsusi dəniz duzu ilə doldurulmuş gümüş qab olmalıdır. Bundan əlavə, komfort və düzgün duruş üçün xüsusi oturacaq yastığından istifadə edilir. Həmçinin kralın hər naharı və şam yeməyi dəqiq müəyyən edilmiş standartlara uyğun hazırlanmış salatla müşayiət olunmalıdır.

Kral III Çarlzın səhər yeməyi ilə bağlı da özünəməxsus vərdişləri var. Sevimli yeməyi iki-üç dəqiqə qaynadılmış yumurtadır. Yumurta qabığından təmizlənir, kahı yarpaqlarının altına qoyulur, sarısını isə kral göyərti ilə qarışdıraraq sous kimi istifadə edir.