BAKI, 21 yanvar. TELEQRAF
Danimarka, Fransa və digər Avropa ölkələri tərəfindən Qrenlandiyaya hərbçilərin göndərilməsinin məqsədi ABŞ-ni cilovlamaq və Vaşinqtonun adaya mümkün müdaxiləsi halında Avropa İttifaqının ABŞ üçün potensial xərcləri artırmağa hazır olduğunu nümayiş etdirmək olub.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bununla belə, Avropa paytaxtları rəsmi olaraq əsgərlərin göndərilməsini Rusiya və Çinə qarşı yönəlmiş hərbi təlimlər kimi təqdim ediblər. ABŞ-yə ünvanlanan güc nümayişi niyyəti barədə açıq şəkildə heç bir açıqlama verilməyib.
“Financial Times” bundan əvvəl Danimarka mənbələrinə istinadən xəbər vermişdi ki, əsgərlərin göndərilməsindən əvvəl Vaşinqtonla aylarla davam edən nəticəsiz diplomatik danışıqlar aparılıb. Kopenhagen dəfələrlə ABŞ-dən Qrenlandiya ilə bağlı niyyətlərinə dair təminat almağa cəhd etsə də, buna nail ola bilməyib. Təlimlər üçün muxtar əraziyə Danimarka, Almaniya və Fransadan onlarla, Finlandiyadan iki və Böyük Britaniyadan bir hərbçi göndərilib.