BAKI, 30 dekabr. TELEQRAF

“Rusiya hərbçiləri arasında ölənlərin sayının artmasına baxmayaraq, Vladimir Putin sülh istəmir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Dürüst desəm, Putində sülh istəyi görmürəm, bunu açıq şəkildə eşitmirəm. O, sülhdən danışmır, əksinə, daha da irəli gedə biləcəyini deyir. Bunlar sülh mesajları deyil”, - o qeyd edib.

Zelenski vurğulayıb ki, sülhə nail olmaq üçün həm dialoq və diplomatik həll cəhdlərinin davam etdirilməsi, həm də ABŞ tərəfindən təzyiq və ya sanksiyaların tətbiqi vacibdir.

Ukrayna lideri həmçinin ABŞ Prezidenti Donald Trampın Vladimir Putinlə bağlı müsbət fikirlərinə baxmayaraq, Rusiya liderinə etibar etməyin mümkün olmadığını bildirib: “Mən Putinə etibar etmirəm”.

Dövlət başçısı əlavə edib ki, Moskvanın ərazi tələbləri ilə bağlı heç bir güzəşt əlaməti göstərməməsinə baxmayaraq, 20 bəndlik plan layihəsi üzrə 90 faiz razılığa gəliblər.