BAKI, 12 dekabr. TELEQRAF

Moldova baş nazirinin müavini Valeriu Çiveri Ukrayna informasiya agentliklərinin separatçı Dnestryanı bölgədə hərbi anbarların yenidən açılması və səfərbərlik barədə yaydığı məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, ölkə rəsmisi bu barədə jurnalistlərə bildirib.

“Bunu mətbuatdan eşitmişik. Təhlükəsizlik sektorunda çalışan həmkarlarımızdan öyrənə bildiyimiz odur ki, baş verənlərdən fərqli heç bir yeni fəaliyyət qeydə alınmayıb”, - Çiveri vurğulayıb.

Dnestryanı birtərəfli qaydada Moldovadan ayrılan separatçı bölgədir. Özünü “müstəqil” elan edən buradakı separatçı rejim beynəlxalq səviyyədə və heç bir dövlət tərəfindən tanınmır, hüquqi baxımdan Moldovanın tərkib hissəsidir. Amma region 1990-cı illərdə SSRİ-nin dağılması zamanı Rusiyanın dəstəyi ilə “müstəqil idarəetmə” qurub.

Rəsmi məlumata görə, Rusiyanın bölgədə təxminən 1000 əsgər və zabitdən ibarət hərbi kontingenti var. Moskvanın iddiasına əsasən, “kontingentin missiyası sovet qoşunlarının Avropa ölkələrindən çıxarılması zamanı qalan minlərlə ton sursatın saxlandığı anbarları qorumaqdır”.

Moldova hökuməti Rusiyanın Dnestryanıdakı hərbi mövcudluğunu işğal kimi qiymətləndirir və onu geri çəkməsini tələb edir.