BAKI, 12 dekabr. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov faktiki olaraq ABŞ Prezidenti Donald Tramp tərəfindən təklif olunan 28 maddəlik sülh planının 7 əsas bəndini rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
ISW-yə görə, həmin bəndlər aşağıdakılardır:
Zaparojye və Xerson vilayətlərində cəbhə xəttinin dondurulması;
Zaparojye AES-in fəaliyyətinin Rusiya yox, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində bərpa olunması;
1997-ci il sərhədlərinə geri dönülməsini tələb etmədən NATO-nun gələcək genişlənməsinin dayandırılması;
Avropa ölkələrinin qırıcı təyyarələrinin Polşada yerləşdirilməsinə icazə verilməsi;
Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi;
Ukraynanın suverenliyinin təsdiqlənməsi;
Dini azlıqların qorunmasına dair Avropa İttifaqı normalarının tətbiqi.
ABŞ institutu həmçinin vurğulayıblar ki, Kremlin sülh danışıqlarına münasibəti 2025-ci ildə də dəyişməyib. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bəyan edib ki, Moskva heç kimə güzəştə getmək və ya ilhaq edilmiş əraziləri təhvil vermək niyyətində deyil.