BAKI, 11 dekabr. TELEQRAF

“ABŞ hökuməti Avropa İttifaqını (Aİ) institut kimi düzgün təsnif etmir”.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.

O xatırladıb ki, iyunda Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampa Aİ-nin yaranma tarixi və qurulma prinsiplərini izah etməyə çalışıb:

“Bildirdim ki, Avropa İttifaqı institut kimi Vaşinqton tərəfindən açıq şəkildə səhv qiymətləndirilir. İyundakı səfərim zamanı Prezident Trampa Avropa İttifaqının tarixi və onun necə yaradıldığını izah etməyə çalışdım. Amma ABŞ hökuməti Avropa İttifaqını dövlətlər ittifaqı kimi başa düşməkdə hələ də böyük çətinlik çəkir”.

Almaniya Kansleri ABŞ-nin bunu başa düşə biləcəyini bildirib:

“Əgər Amerika hökuməti Avropa İttifaqı ilə danışmaqda çətinlik çəkirsə, söylədim ki, ən azı ayrı-ayrı üzv dövlətlərlə, o cümlədən Almaniya ilə danışmalıdır”.

Donald Tramp bundan əvvəl dəfələrlə Aİ-ni tənqid edib. Amerika lideri “Politico”ya müsahibəsində Aİ siyasətçilərinin yaxşı iş görmədiklərini bildirib. Tramp gələcəkdə daha uyğun hesab etdiyi avropalı siyasətçiləri dəstəkləyəcəyinə işarə edib. Həmçinin, o, Aİ-nin miqrasiya siyasətini “fəlakətli” adlandırıb.