BAKI, 10 dekabr. TELEQRAF

“Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak iddia edildiyi kimi cəbhədə yox, Kiyevdə Xarici Kəşfiyyat Xidmətinin (XKX) binasında qalır, oradan hökumətə nəzarəti davam etdirir”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski bildirib.

“Mənbələrim iddia edirlər ki, Yermak cəbhəyə getməyib, Kiyevin “Naqornaya” küçəsində Xarici Kəşfiyyat Xidmətinin binasında hökumətə nəzarətini davam etdirir. O, rahat kabinetdə oturub, son 7 ildə hər yerdə yerləşdirdiyi adamlarını idarə etməyə çalışır”, - deputat iddia edib.

Dubinskinin sözlərinə görə, Yermaka burada qalmaq imkanını XKX-nin rəisi Oleq İvaşşenko yaradıb.

Xatırladaq ki, bundan əvvəl Andrey Yermakın istefa verdikdən sonra cəbhəyə getdiyi barədə məlumat yayılmışdı. Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak dövlət orqanlarında korrupsiya sxeminin aşkarlanması fonunda noyabrın 28-də istefa verib. İstefa qərarından əvvəl antikorrupsiya orqanları onun ev və ofisində axtarışlar aparıb.