BAKI, 10 dekabr. TELEQRAF
Ukrayna tezliklə suverenliyi beynəlxalq təhlükəsizlik təminatları ilə qorunan, Avropa İttifaqına inteqrasiya və ABŞ ilə Avropa ölkələrinin dəstəyi ilə iqtisadi bərpanı nəzərdə tutan uzunmüddətli sülh sazişi əldə edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
ABŞ, Ukrayna və Avropa rəsmilərinin sözlərinə görə, danışıqlar hələ başa çatmayıb, bunun uğurlu olması Prezident Donald Trampın Kiyev və Avropadakı müttəfiqlərinə ciddi təzyiq göstərmədən sazişi dəstəkləməyə hazır olmasından asılıdır.
Məlumata görə, yeni sülh sazişi üzrə Ukraynaya aşağıdakılar təklif olunur:
Avropa İttifaqına üzvlük
Ukrayna 2027-ci ildə Avropa İttifaqına qoşula bilər.
Təhlükəsizlik təminatları
ABŞ və Avropa ölkələri tərəfindən Ukraynanı Rusiyanın mümkün müdaxiləsindən qoruyacaq NATO-nun 5-ci maddəsinə bənzər mexanizm tətbiq oluna bilər.
Suverenlik və ordu
Ukrayna öz ərazilərinə nəzarəti saxlayacaq, əlavə dəstək qüvvələri ilə birlikdə təxminən 800 minlik orduya malik olacaq.
Demilitarizasiya zonası və ərazi mübadiləsi
Atəşkəs xətti boyunca demilitarizasiya zonası yaradılacaq, Donetskin bir hissəsi yeni itkilərin qarşısını almaq üçün Rusiyaya güzəşt kimi verilə bilər.
Zaporojye AES
Stansiyanın Rusiya işğalından çıxarılması və təhlükəsizliyin təmin olunması üçün ABŞ-nin mümkün idarəçiliyi nəzərdən keçirilir.
İqtisadi bərpa
Dondurulmuş Rusiya aktivlərindən 200 milyard dollardan çox, həmçinin ABŞ və beynəlxalq maliyyə qurumlarının investisiyaları da daxil olmaqla, ümumilikdə 400 milyard dollara qədər vəsaitin Ukraynanın bərpasına yönəldilməsi planlaşdırılır.
ABŞ tərəfdən danışıqlarında iştirak edən Cared Kuşner və Stiven Uitkoff Ukraynanın sazişlə razılaşması üçün təhlükəsizlik təminatları ilə iqtisadi məsələlərin birləşdirilməsinin vacibliyini vurğulayır.
Diplomatların sözlərinə görə, əsas məqam sazişin məcburi yox, uzunmüddətli olmasını təmin etməkdir, tələsik qərarlar müharibənin eskalasiyasına və yeni itkilərə gətirib çıxara bilər.
Nəşrin fikrincə, Trampın bu məqamda edə biləcəyi ən böyük səhv bunun ya indi, ya heç vaxt olmasında israr etməsidir, diplomatiya və ticarət belə işləmir.
ABŞ liderinin uzunömürlü, məntiqli bir saziş bağlamalı olduğu vurğulanıb. Əks halda, o, heç nə əldə etməyə və bu dəhşətli müharibə daha dağıdıcı mərhələyə keçə bilər.