BAKI, 9 dekabr. TELEQRAF
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərir və ondan Prezident Donald Trampın sülh planı çərçivəsində mümkün qədər tez ərazi və digər güzəştlərlə razılaşmağı tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” rəsmilərə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukrayna-ABŞ danışıqları iki məsələyə fokuslanıb: Rusiyanın Ukraynadan Donbas və bu bölgənin öz qoşunlarının nəzarət etmədiyi hissələrdən imtina tələbi və Kiyevin Moskvanın gələcək təcavüzünün qarşısını almaq üçün ABŞ-dən ciddi təhlükəsizlik təminatları istəməsi. Amma Ukrayna rəsmisi deyib ki, ötən həftə Kremldə Trampın müşavirləri Stiven Uitkoff və Cerad Kuşnerin Vladimir Putinlə beş saatlıq görüşündən sonra ABŞ-nin təklifləri daha da pisləşib.
Rəsmilərin bildirdiyinə görə, həmin görüşdən sonra Zelenski ilə baş tutan iki saatlıq telefon danışığında Uitkoff və Kuşner Ukrayna liderindən qəti “bəli” cavabı almağa çalışıblar.
“Belə bir təəssürat yaranıb ki, ABŞ bizi müxtəlif yollarla Rusiyanın bütün Donbası ələ keçirmək niyyətinə inandırmağa çalışır və amerikalılar istəyirlər ki, Zelenski bunu tam şəkildə qəbul etsin”, Ukrayna rəsmilərindən biri söyləyib. Amma mənbə qeyd edib ki, müəyyən irəliləyişə baxmayaraq, ərazi və təhlükəsizlik təminatları məsələlərində irəli sıçrayış olmayıb.
Ukraynanın mənbələri həmçinin bildiriblər ki, ABŞ əvvəlki versiyalarla müqayisədə daha sərt şərtlər irəli sürür, xüsusilə ərazi məsələləri və Zaporojye AES üzərində nəzarət kimi mövzular və əsas təhlükəsizlik təminatları ilə bağlı suallar cavabsız qalıb.
Ukrayna rəsmilərin fikrincə, ABŞ Zelenskini Avropa liderlərindən uzaqlaşdıraraq, Rusiyanın xeyrinə olan tələblərini qəbul etdirməyə çalışır.