BAKI, 3 dekabr. TELEQRAF

ABŞ-nin dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsini bitirmək üçün təqdim etdiyi sülh planına baxmayaraq, dekabrın 2-də Kremldə Vladimir Putin və Stiven Uitkoff arasında beş saat davam edən danışıqlardan sonra Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı razılaşmaya nail olunmayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşdən sonra bəyan edib ki, hələlik heç bir həll əldə olunmayıb, amma amerikalıların bəzi təkliflərini müzakirə etmək mümkündür.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, müharibəni bitirmək üçün Rusiya ilə aparılan danışıqlarda bəzi irəliləyişlər əldə olunub:

“Bizim etməyə çalışdığımız şey ukraynalıların qəbul edə biləcəyi və onlara gələcək üçün təhlükəsizlik təminatı verəcək bir formul tapmaqdır, düşünürəm ki, bunda da müəyyən irəliləyiş əldə etmişik”.

Ruslarla Moskvadakı görüşdən sonra Stiven Uitkoff və Cared Kuşnerin bu gün Avropada Kiyev nümayəndə heyəti ilə də görüşəcəyi deyilsə də, sonradan bu görüşün ləğvi barədə məlumat yayılıb.

Uitkoffla görüş başlamazdan əvvəl Putin avropalıları müharibənin dayandırılması üçün ABŞ-nin səylərini “ağırlaşdırmağa çalışmaqda” ittiham edib. Donald Tramp da münaqişənin həllinin mürəkkəb məsələ olduğunu deyib: “Vəziyyət asan deyil, inanın mənə”.

Volodimir Zelenski Moskvanı danışıqlardan özünə qarşı tətbiq olunan sanksiyaları zəiflətmək üçün istifadə etməkdə ittiham edib. O, müharibənin başa çatdırılmasına çağıraraq, təkcə atəşkəs yox, tam son qoyulmasının vacibliyini vurğulayıb.

Danışıqların aparıldığı zaman Rusiya ordusu Ukraynada hücumlarını davam etdirir. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya ordusu noyabrda son bir il ərzində cəbhədə ən böyük irəliləyişə nail olub. Rusiya həmin ay Ukrayna ərazisinin 701 kvadrat kilometrini işğal edib. Bu, 2024-cü ilin noyabrında əldə edilən 725 kvadrat kilometrlik irəliləyişdən sonra ikinci ən böyük göstəricidir (2022-ci ilin yazındakı ilk aylar istisna olmaqla).

Ukrayna daxilində isə Zelenski və komandası nüfuzlarını zədələyən korrupsiya qalmaqalı ilə üzləşib, nəticədə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa verməyə məcbur olub.