BAKI, 1 dekabr. TELEQRAF

Moldova hökuməti ölkəyə qanunsuz silahların işğal altındakı Dnestryanı bölgədən daxil olduğunu istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə Moldova daxili işlər naziri Daniela Misail-Nikitin məlumat verib.

Nazirin sözlərinə görə, gömrük məntəqəsində döyüş sursatlarının ələ keçirilməsi ilk belə haldır.

“Bu silah-sursat ölkəyə partiyalar şəklində daxil olurdu. Nəzərə almaq vacibdir ki, qonşu ölkədə (Ukraynada) müharibə gedir, bu da Moldovada belə halların artması riskini artırır. Bu, ilk belə hadisədir”, - Misail-Nikitin bildirib.

O əlavə edib ki, Moldova sərhəd nəzarət mexanizmlərini gücləndirməli və təkmilləşdirməlidir. Hökumət isə ölkəyə silahın necə daxil ola biləcəyi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirir.

Xatırladaq ki, Moldova vətəndaşı tərəfindən idarə olunan silah-sursat daşıyan yük maşını noyabrın 20-də Ruminiyaya daxil olarkən saxlanılıb. Moldovada bu iş üzrə 4 nəfər həbs edilib. Yük maşınının sürücüsü, beşinci şübhəli isə Ruminiyada saxlanılıb.