BAKI, 28 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq ABŞ-nin 28 bəndlik sülh planını şərh edib, amma ilkin barışdırıcı tonuna baxmayaraq, çox tez aydınlaşdırıb: Moskva kompromisə hazır deyil. Bunu onun dünən mətbuat konfransında səsləndirdiyi bəyanatlar göstərir. Putin Vaşinqtonun təklifini “gələcək razılaşmalar üçün əsas” adlandırsa da, yenidən ultimativ tərzdə Ukraynaya qarşı ərazi tələbləri irəli sürüb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Telekanalın mənbələrinə görə, Rusiya mətbuat konfransında faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın sülh planını rədd edib.
Qeyd edilib ki, çıxışının əvvəlində Vladimir Putin konstruktivlik nümayiş etdirməyə çalışıb:
Donald Trampın planını “perspektivli əsas” adlandırıb;
Danışıqlara “ciddi hazırlıq” olduğunu bildirib;
Avropanın təhlükəsizliyi məsələsini müzakirə etməyə razılıq verib.
Amma söhbət planın təfərrüatlarınaa keçən kimi yumşaqlıq sürətlə yoxa çıxıb. Putin danışıqların əsas “kilid məqamı” kimi yenidən Krım və Donbas üzərində Rusiya suverenliyinin tanınmasını göstərib. Məhz bu bənd ABŞ-nin sülh planını Ukrayna üçün tamamilə qəbuledilməz edib. Bu bənd son layihədən çıxarılsa da, Rusiya lideri açıq şəkildə bəyan edib ki, Moskva bunun yenidən plana salınmasını istəyir. Analitiklərin fikrincə, Putin üçün heç bir “orta yol” yoxdur.
Putin həmçinin açıq hədə dolu bəyanatla çıxış edib: “Ukrayna qoşunları işğal etdiyi əraziləri (söhbət Ukraynanın suveren ərazilərindən gedir – red.) tərk etməlidir. Çıxmaslar, bunu silah gücünə təmin edəcəyik”.
“Sky News” yazıb ki, sülh istəyən tərəf belə bir tonda danışmaz, bu, daha çox öz şərtlərini diktə etməyə çalışan bir ölkənin mövqeyinə uyğundur.
Rusiya lideri yenidən Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini də sual altına almağa başlayıb, bunun guya hüquqi cəhətdən sazişi mümkünsüz etdiyini iddia edib. Kiyevdə bu ritorika çoxdan vaxt uzatmaq və real danışıqlardan yayınmaq vasitəsi kimi qiymətləndirilir.
Gələn həftə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff növbəti məsləhətləşmələr raundu üçün Moskvaya gələcək. Amma Vladimir Putinin bəyanatından sonra Kremlin qəfil Amerika planına razılıq verəcəyini kimsə gözləmir.