BAKI, 24 noyabr. TELEQRAF
ABŞ Ukraynaya 28 maddəlik sülh planından əlavə, təhlükəsizlik zəmanətləri ilə bağlı ayrıca sənəd təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukraine” məlumat yayıb.
Bildirilir ki, ABŞ nümayəndə heyətinin noyabrın 19-da Kiyevə səfəri zamanı Ukraynaya iki layihə təqdim olunub: 28 maddəlik proqram və Ukraynanın təhlükəsizliyi üzrə razılaşma sənədi.
İkinci sənəd - “Ukraynanın təhlükəsizliyi ilə bağlı çərçivə sazişi” NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv müdafiə) prinsiplərinə uyğun hazırlanıb və üç maddədən ibarətdir:
- Rusiyanın Ukraynaya hücumu halında ABŞ Prezidenti zəruri hesab edilən silahlı qüvvələr, kəşfiyyat və logistika dəstəyi, iqtisadi və diplomatik tədbirlər və digər addımlar tətbiq edə bilər;
- NATO üzvləri (Fransa, Böyük Britaniya, Almaniya, Polşa və Finlandiya) ABŞ ilə koordinasiyalı şəkildə hərəkət etməyə borcludurlar;
- Çərçivə razılaşması on il müddətinə qüvvədə qalacaq və uzadılma imkanı olacaq.
“RBC-Ukraine” yazır ki, həm 28 maddəlik sülh planı, həmçinin Ukraynanın təhlükəsizlik zəmanətləri barədə sənəd hələ yekun deyil və dəyişdirilə bilər.
Əvvəl bildirilmilşdi ki, noyabrın 23-də Cenevrədə keçirilən görüş zamanı Ukrayna və ABŞ yenilənmiş və təkmilləşdirilmiş sülh planı hazırlayıb.