BAKI, 24 noyabr. TELEQRAF
Almaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter Typhoon” və Rumıniya Hərbi Hava Qüvvələrinin iki “F-16 Fighting Falcon” qırıcısı noyabrın 24-də gecə saatlarında Ukrayna sərhədində hava vəziyyətini müşahidə etmək üçün təcili havaya qaldırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Radar nəzarət sistemi İzmail şəhəri istiqamətində hava hədəflərini aşkar edib, bundan sonra NATO-nun gücləndirilmiş Hava Polis Xidmətinin tərkibində olan iki Almaniya “Eurofighter Typhoon” hədəfləri müşahidə etmək üçün havaya qalxıb. Saat 01:45-də Zimni adasından (Ukrayna) 30 kilometr şimalda hava hədəfləri aşkar edildikdən sonra Rumıniya Hərbi Hava Qüvvələrinin iki “F-16 Fighting Falcon” qırıcısına uçuş əmri verilib, - nazirlik bildirib.
Qeyd olunub ki, hava obyektlərinin Rumıniya ərazisinə daxil olması halı aşkar edilməyib. Bütün təyyarələr uçuşdan sonra aviabazalarına geri dönüblər.