BAKI, 21 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın komandası tərəfindən Rusiya və Ukraynaya təqdim olunan sülh planı Kremlin hərbi hədəflərinə uyğun tələbləri ehtiva edir.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin əldə etdiyi sənədin surətinə əsasən, Ukraynanın aşağıdakıları etməsi tələb olunur:

Krım, Luqansk və Donetski “de-fakto Rusiya ərazisi” kimi tanımaq;

Donetskin Rusiya tərəfindən işğal edilməmiş hissələrindən qoşunları çıxarmaq;

Rəsmi olaraq Rusiya ərazisi kimi tanınacaq qeyri-hərbi bufer zona yaratmağa razılaşmaq;

100 gün ərzində seçkilər keçirmək;

NATO-ya üzvlükdən imtina və bunu Konstitusiyada təsbit etmək.

Plan üzrə Rusiya isə qeyri-hərbi zonaya qoşun göndərməməli və Avropa ölkələrinə hücum etməmək öhdəliyi götürür, amma bu bəndin icrasına nəzarət mexanizmi sənəddə göstərilməyib.

Plan Ukraynanın təhlükəsizliyi üçün ABŞ tərəfindən təminatlar nəzərdə tutur, amma Vaşinqtona kompensasiya qarşılığında. Rusiya isə G8 formatına qaytarılır və sanksiyalar ləğv edilir. Bundan əlavə, ABŞ və Rusiya iqtisadi əməkdaşlığı genişləndirir və birgə investisiya fondu yaradır.

Ukraynanın bərpası üçün 100 milyard dollar həcmində dondurulmuş Rusiya aktivlərindən ABŞ rəhbərliyi ilə birgə istifadə nəzərdə tutulur.

“Bloomberg”in məlumatına görə, mətn Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və rusiyalı həmkarı Kirill Dmitriyev tərəfindən razılaşdırılıb. Bu, Uitkoffun Ukrayna və Avropada şübhə doğuran ilk təşəbbüsü deyil.

Ağ Evin planın Tramp tərəfindən dəstəkləndiyi barədə açıqlamasına baxmayaraq, danışıqlar hələ də qeyri-müəyyən vəziyyətdədir.

Prezident Volodimir Zelenski sənədi nəzərdən keçirdiyini açıqlayıb, amma bu şərtləri qəbul etməyə hazır olduğuna dair heç bir işarə yoxdur.

Avropa İttifaqı və NATO ölkələri plana qarşı çıxıb.

Böyük Britaniya Baş naziri Kir Starmer Rusiyayla istənilən anlaşmanın ancaq Ukraynanın razılığı ilə mümkün olduğunu açıqlayıb. Avropa İttifaqının baş diplomatı Kaya Kallas da bildirib ki, Ukraynada sülh Kiyevin iştirakı olmadan mümkün deyil.

Plan Kremlin əsas tələblərinin demək olar ki, hamısını ehtiva etsə də, ABŞ Kiyevlə məsləhətləşmələrini davam etdirir. Bu həftə ABŞ ordusunun naziri Den Driskollun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya gələrək müharibənin bitməsi üçün alternativ yolları, o cümlədən hərbi yardımı artırmaq imkanlarını müzakirə edib.