BAKI, 21 noyabr. TELEQRAF
Ukrayna və Avropa İttifaqı ABŞ-nin təklif etdiyi “sülh planı”nı tamamilə rədd edə bilməz, çünki bu, Prezident Donald Trampı özlərindən uzaqlaşdıra bilər.
Teleqraf xəbər verir ki, bunu “Sky News”un şərhçisi Dominik Vaqhorn deyib.
O xatırladıb ki, 28 bəndlik plan Avropa və Ukraynanın iştirakı olmadan Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun rusiyalı həmkarı Kirill Dmitriyev tərəfindən hazırlanıb. Plan faktiki olaraq Rusiya tələblərini “sülh planı” kimi təqdim edir və Ukraynanın kapitulyasiyasını nəzərdə tutur.
Plan Ukrayna üçün çox ağrılı bir vaxtda ortaya atılıb - Rusiyanın dağıdıcı hava hücumları fonu, Ukraynanın əsas dayaq şəhərlərindən biri olan Pokrovskın itirilməsi təhlükəsi altında və müharibənin əvvəlindən bəri ən ciddi siyasi böhran dalğasında.
“Uitkoff və Dmitriyev Ukrayna Prezidentinə (Volodimir Zelenski) təzyiqi daha da artırmaq üçün məhz bu anı seçmək barədə əvvəlcədən anlaşmış ola bilərlər”, - Vaqhorn vurğulayıb.
Bununla belə, o hesab edir ki, paradoksal olaraq, bu vəziyyət Zelenskiyə mövcud siyasi böhranı aşmaqda kömək edə bilər:
“Kiyevdə Uitkoff-Dmitriyev planı qınaq və hiddət doğurub. Zelenskinin rəqiblərinin (müxalifət) başqa çıxış yolu yoxdur, belə əsassız tələblərlə üzləşən müharibə dövrünün lideri ətrafında birləşməli olacaqlar”.
Analitik qeyd edib ki, plan Donald Trampın özünün sülhyaratma qabiliyyətinə həddindən artıq inanmasından qaynaqlanmış ola bilər. Bundan başqa, Trampın komandası uğursuz cəhdləri ört-basdır etmək üçün Ukraynanın güzəştə getməməsini əsas gətirərək müharibədən uzaqlaşmaq üçün bundan istifadə edə bilər. Amma Avropa və Ukrayna planı açıq şəkildə rədd edə bilməz Çünki bu, Trampı tamamilə itirmək riski yaradır.
“Vaxt udmağa çalışacaqlar və ümid edəcəklər ki, bütün sübutlara baxmayaraq, hələ də Trampı Kremlə arxa çevirməyə və Putinə təzyiq edərək müharibəni dayandırmağa razı salmaq mümkündür - Ukraynanı təslim olmağa məcbur etmək əvəzinə”, - Vaqhorn əlavə edib.
Xatırladaq ki, ABŞ-nin Rusiya ilə birgə, Avropa və Ukraynanın iştirakı olmadan hazırladığı bildirilən planda Kiyevə qarşı üç vilayət və NATO üzvlüyündən imtina, Silahlı Qüvvələrinin sayının 60 faiz azaldılması və sair tələblər qoyulub.