BAKI, 21 noyabr. TELEQRAF

Ukrayna mediada dərc olunan ABŞ-nin sülh planı layihəsinin 28 bəndindən birinə əhəmiyyətli dəyişikliklər edib.

Teleqraf xəbər verir ki, bu barədə yüksək rütbəli amerikalı rəsmi “The Wall Street Journal”a bildirib.

İlkin tərtibat Ukraynanın aldığı bütün beynəlxalq yardımların auditini nəzərdə tuturdu ki, bu da potensial korrupsiya hallarının aşkarlanmasına yönəlmişdi.

“Amma yenidən işlənmiş layihə audit tələbini aradan qaldırdı və bunun əvəzinə bütün tərəflərə müharibə dövründəki hərəkətlərinə görə tam amnistiya olacağı qeyd edildi”, - ABŞ rəsmisi deyib.

WSJ həmçinin bildirib ki, Avropa liderləri alternativ şərtlərlə müharibəni necə bitirmək barədə öz əks təklifləri üzərində işləyir və Ukraynanı onun üçün daha faydalı olan planını dəstəkləməyə inandırmağa çalışırlar.

“Avropa ümid edir ki, plan bir neçə gün ərzində hazır olacaq, amma Kiyev hələ də ona qoşulmaq öhdəliyi götürməyib”, - məqalədə qeyd olunub.

Xatırladaq ki, ABŞ-nin Rusiya ilə birgə, Avropa və Ukraynanın iştirakı olmadan hazırladığı bildirilən planda Kiyevə qarşı üç vilayət və NATO üzvlüyündən imtina, Silahlı Qüvvələrinin sayının 60 faiz azaldılması və sair tələblər qoyulub.