BAKI, 20 noyabr. TELEQRAF

Rusiyanın iştirakı ilə Ağ Evdə hazırlanmış 28 bənddən ibarət “sülh planı” Ukraynada müharibəyə son qoymaq üçün ABŞ-nin son cəhdidir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşr bildirib ki, Ukrayna və Avropa dünəndən Donald Tramp administrasiyasının bu planını anlamağa çalışır. Müttəfiqlər “sülh planı”nın ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinin tələbləri qarşısında güzəştə getməsi ehtimalından qorxurlar.

Avropa və ABŞ rəsmiləri bildiriblər ki, planın bir çox məqamları, xüsusən də NATO ilə bağlı məsələ və Ukraynanın ərazi güzəşti məsələləri anlaşılmazdır.

Nəşrin məlumatlı mənbəsinə görə, Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun planın hazırlanması ilə bağlı səyləri ötən ayın sonunda onun Mayamidə rusiyalı həmkarı Kirill Dmitriyev ilə görüşəndə başlayıb. Ukrayna və Avropa rəsmiləri Uitkoff planından sarsılıblar.

“Bu ağrılıdır, çünki biz düşünürdük ki, nəhayət, Tramp Putinlə razılaşma əldə etmək məsələsində onun qeyri-səmimiliyini anlamağa başlayıb”, - vəziyyətlə tanış olan mənbə deyib.

Plan üzrə Ukraynadan ciddi güzəştlər tələb edilir – Silahlı Qüvvələrin sayının iki dəfə məhdudlaşdırılması və ərazilərdən imtina da daxil olmaqla. Amma mənbə vurğulayıb ki, planın müddəaları hələ də danışıqlar predmetidir.

“Müzakirə olunan məsələlərdən biri ABŞ rəsmilərinin NATO-nu sənəddə qeyd edib-etməmək və bunu necə etmək haqqında düşünməsi idi”, - nəşrin həmsöhbəti qeyd edib.

Nəşr yazıb ki, NATO məsələsinin müzakirəsi haqqında bundan əvvəl məlumat verilməmişdi.

Ukraynanın NATO üzvlüyünə can atmasının səbəbi kimi mənbə xatırladıb:

“Ukrayna gələcək Rusiya işğalından təhlükəsizlik zəmanəti kimi NATO üzvlüyünü istəyir. Bəzi Avropa ölkələri bu ideyanı dəstəkləsələr də, ABŞ buna qarşıdır. Moskva isə bunu təhlükə hesab edərək Kiyevdən uzun müddətdir alyansa qoşulmamağı tələb edir”.

Avropanı Rusiyaya ərazi güzəştləri də narahat edir. Onlar düşünürlər ki, bu güzəşt Rusiyanın (digər qonşu ölkələrə) təcavüzünü təşviq edir və təhlükəli presedent yaradacaq.

Avropadan fərqli olaraq, Ağ Ev yeni plana nikbin yanaşır. Ağ Evdən yüksək rütbəli bir rəsmiyə görə, hər iki tərəf bunun qəbul edilməsində fəallıq göstərməlidir.

Nəşrin məlumatına əsasən, Böyük Britaniya da planın hazırlanmasından xəbərdar olmayıb. Halbuki Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə Stiven Uitkoff arasında sıx əlaqələr var.

Avropa da isə Uitkoffa etibar etmirlər. Nəşr bu haqda bildirib ki, Avropa və Ukrayna rəsmiləri Trampın xüsusi elçisinin müharibə ilə bağlı yanaşmasına uzun müddətdir şübhə ilə yanaşır. Hesab edirlər ki, Rusiya ilə səssiz məsləhətləşmələri onun müharibənin mahiyyəti və Putinin əsl məqsədləri barədə xəbərsiz olmasını göstərir. Və ya Putin ustalıqla Uitkoffu aldada bilib.

“Ruslar Uitkoffu onların maraqlarını irəli sürməyə hazır adam kimi müəyyən ediblər. Avropalılarla bu mövzuda məsləhətləşmə olmayıb. Amma Ağ Evdə artıq bir müddətdir avropalıları “sülh prosesinin pozucuları” hesab edən bir qrup var. Buna görə də bir növ bu, təəccüblü deyil”, - Avropa İttifaqının hərbi rəsmilərindən biri deyib.

“Sülh planı” ilə bağlı şərhlərdə diqqətçəkən məqam onun Avropa və Ukraynanın iştirakı olmadan, ABŞ və Rusiya tərəfindən gizli şəkildə hazırlanması ilə bağlıdır. İddiaya görə, Ağ Ev bu müddət ərzində ancaq Kremllə məsləhətləşib.