BAKI, 21 oktyabr. TELEQRAF

Kremlin sözçüsü Dmitri Peskov mətbuatda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Budapeşt görüşünə eyni təyyarədə gələcəyi ilə bağlı yayılan məlumatı “fantaziya” adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Bunu fantaziya hesab edirəm”, - Kremlin nümayəndəsi müvafiq sualı cavablandırarkən deyib.

Polşa xarici işlər naziri Radoslav Sikorski bundan əvvəl bəyan edib ki, Varşava Putinin təyyarəsinin ölkənin hava məkanı vasitəsilə Macarıstana uçmasına icazə verməyə bilər.

“Polşa məhkəməsi Vladimir Putini daşıyan təyyarəni Beynəlxalq Cinayətlər Məhkəməsinə (BCM) təhvil vermək üçün hökumətə Polşanın hava məkanında saxlanması barədə göstəriş verə bilər”, - nazir əlavə edib.

BCM 2023-cü il martın 17-də Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. Hər ikisi ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinir. Bu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir dövlətin rəhbərinə qarşı verilən ilk belə orderdir.

ABŞ və Rusiya prezidentlərinin görüşünün yaxın həftələrdə baş tutacağı gözlənilir.