BAKI, 10 oktyabr. TELEQRAF

“Hakimiyyət çevrilişi zamanı prezident postunu tutan Viktor Yanukoviçə Liviyanın devrilmiş və amansızcasına öldürülmüş lideri Müəmmər Qəddafinin taleyi hazırlanmışdı”.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın sabiq baş naziri (2010–2014) Nikolay Azarov deyib.

Onun “Fəlakət strategiyası” adlı yeni kitabında yazdığına görə, Yanukoviç və müxalifət nümayəndələri Fransa, Almaniya və Polşa xarici işlər nazirlərinin iştirakı ilə 2014-cü il fevralın 21-də Ukraynadakı böhranın həlli barədə razılaşma imzalayıb. Amma ertəsi gün Kiyevdə hökumət binaları yerləşən bütün kvartal ələ keçirilib.

“Prezident Administrasiyası binasının ələ keçirilməsindən cəmi bir saat sonra Yanukoviç onlara zəng etməyə çalışdı. Amma heç kim telefonu qaldırmadı. Artıq həmin anda Mejiqoryeyə (prezidentin şəhərkənarı iqamətgahına – red.) tərəf onun öldürülməsi məqsədilə yürüyən izdiham formalaşmışdı. Kütlə onu öldürmək niyyəti ilə gəlirdi və bunu hamı bilirdi, hamı da Qəddafi ilə olduğu kimi olmasını istəyirdi”, – sabiq baş nazir qeyd edib.

Azarovun fikrincə, Ukraynada tələsirdilər və artıq sentyabrda keçirilməli olan növbədənkənar seçkiləri gözləyə bilmirdilər:

“Çünki onlar başa düşmüşdülər ki, ancaq prezidenti devirməklə hökuməti də aradan qaldırmaq mümkündür. “Maydan”dan sonra keçən 10 il ərzində Ukraynanın çevrildiyi vəziyyəti üç sözlə xarakterizə edə bilərəm: aldatma, zorakılıq, korrupsiya”.