BAKI, 23 avqust. TELEQRAF
Avropa Komissiyası "Drujba" boru xətti ilə Macarıstan və Slovakiyaya neft tədarükünün müvəqqəti dayandırılmasını diqqətlə izləyir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) mətbuat xidmətinin məlumatında deyilir.
Komissiya Macarıstan və Slovakiya hakimiyyətlərindən məktub aldıqlarını, hazırda vəziyyəti aydınlaşdırmaq və vacib infrastrukturu qorumaq üçün onlarla sıx təmasda olduqlarını açıqlayıb.
"Tədarükün təhlükəsizliyi Komissiya üçün prioritetdir. Avropa İttifaqının (Aİ) xam neftin və ya neft məhsullarının qəfil çatışmazlığının və ya tədarükündə fasilələrin aradan qaldırılması üçün alətləri var", - Avropa Komissiyası bildirib.
Bildirilir ki, 2009-cu ildən qüvvədə olan Aİ-nin neft ehtiyatları haqqında direktivinin tələbinə əsasən, Avropa İttifaqına üzv dövlətlər fövqəladə hallar üçün 90 günlük neft ehtiyatları saxlamalıdır.
"Slovakiya və Macarıstan bu cür zəruri neft ehtiyatları səviyyələrini qoruyur və fövqəladə vəziyyət zamanı bu ehtiyatları bazara çıxara bilərlər. İndiyə qədər Komissiya Slovakiya və ya Macarıstandan ehtiyatların buraxılması barədə heç bir məlumat almayıb", - mətbuat xidməti qeyd edib.
Avropa Komissiyası həmçinin bu vəziyyətdə Avropa İttifaqı üçün enerji təhlükəsi görmədiyini əlavə edib.