BAKI, 23 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) Şurası mayın 27-də Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanı ilə bağlı dinləmə keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
Məlumata görə, Aİ haqqında Müqavilənin 7-ci maddəsi pozucu kimi tanınmış üzv dövlətin müəyyən hüquqlarının dayandırılması prosedurunu nəzərdə tutur.
Avropa Parlamentinin 26 deputatı isə rəsmi Brüsselə məktub ünvanlayaraq, Macarıstana ayrılan maliyyələşdirmənin dondurulmasını istəyiblər. Buna səbəb kimi ölkədə azadlıqların məhdudlaşdırılması, demokratiyanın sarsıdılması, eləcə də Avropa İttifaqının qanunvericiliyinə və dəyərlərinə riayət edilməməsi göstərilib.
Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökumətinin Aİ ilə münaqişələr səbəbindən artıq bir neçə milyard avrodan məhrum olduğu bildirilir. Əsas səbəblər kimi sığınacaq axtaranlarla davranış qaydalarının pozulması və korrupsiya şübhələri göstərilir.