BAKI, 17 aprel. TELEQRAF
"ABŞ Prezidenti Donald Trampın siyasəti göstərdi ki, öyrəşdiyimiz böyük Qərb artıq yoxdur, ondan yalnız Avropa qalıb".
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon der Leyen deyib.
O qeyd edib ki, bundan sonra Avropa demokratiya, bərabərlik, səhiyyə və orta təbəqənin inkişafı üçün ən yaxşı yerdir:
“Bildiyimiz kimi, Qərb artıq yoxdur. Avropa bir daha çox dəyərli bir şey kimi qəbul olunmağa başlayan proqnozlaşdırıla bilənliyi və etibarlılığı ilə tanınır”.
Leyen Rusiyadakı oliqarxlarla İlon Mask kimi insanların böyük rol oynadığı Amerika prezidentinin yaxın ətrafı arasında paralel aparıb.
“Bizdə qayda-qanun qoyan oliqarxlar yoxdur. Biz qonşularımızı işğal etmirik və onları cəzalandırmırıq”, - qurum rəhbəri Rusiyanın Ukraynaya təcavüzü və ABŞ-nin tərəfdaşlara qarşı tariflərinə işarə edərək bildirib.
Avropanı ABŞ ilə müqayisə edən Leyen amerikalılar arasındakı daha yüksək iqtisadi bərabərsizlik səviyyəsini və onların daha qısa ömür sürmələrini xatırladıb:
“Avropada valideynlər nə qədər varlı olsalar da, uşaqlar yaxşı məktəblərdə oxuya bilərlər. Bizdə daha az karbon emissiyaları var, bu, daha uzun ömür deməkdir”.
Aİ rəsmisi həmçinin qeyd edib ki, Avropada elm adamları elmi fəaliyyətlə məşğul olmaqda sərbəstdirlər, Tramp isə elmi fəaliyyətlərə mane olmağa çalışır:
“Dünyanın istənilən yerində pul qazana bilərsiniz. Bəs siz uşaqlarınızı harada böyütmək istərdiniz? Səhhətiniz qaydasında deyilsə, harada müalicə olunmaq istərdiniz?”