
BAKI, 14 aprel. TELEQRAF
Yunanıstan Baş Qərargah rəisi Türkiyəni “təhdid” adlandırıb. Dimitris Xupis Afinanın istənilən ssenariyə hazır olduğunu və lazım gələrsə ordunun beş dəqiqə ərzində istənilən yerə müdaxilə edə biləcəyini iddia edib.
Teleqraf xəbər verir ki, türkiyəli analitik Coşkun Başbuğ “CNN Türk”ə Xupisin açıqlamasının gülünc olduğunu bildirib.
“Yunanıstan Baş Qərargah rəisi deyir ki, 5 dəqiqəyə müdaxilə edərik, Türkiyə Yunanıstan üçün təhdid olmağa davam edir.
“Təhdid” deyəndə ki, yenidən Qərbə yalvaracaqlar. Yenə də Yunanıstanın öz sahibinin səsi ilə gündəm qurmağa çalışdığını görürük. Bunlar sözdən o yana keçməyəcək bəyanatlardır. Bu, gündəmi tamamilə dəyişdirmək və daxili siyasəti üçün gündəm yaratmaq cəhdidir.
Türkiyə hələ də qonşularla “sıfır problem” siyasətini həyata keçirməyə çalışır. Bunlar da Türkiyə ilə müsbət atmosferi yenidən dağıtmaq üçün məqsədli şəkildə işlədilən cümlələrdir. Qərbin əlində iki vasitə qalıb: Ermənistan və Yunanıstan”, - Başbuğ vurğulayıb.
Analitik Yunanıstanın təhdidlərinin Türkiyədə ciddiyə alınmadığını söyləyib:
“Dövlətimiz (Yunanıstan məsələsi ilə əlaqədar) Fransaya yönəlik belə bir bəyanat vermişdi: bizim kiçik dövlətlərlə işimiz yoxdur, bizim işimiz onların arxasında duran ağaları – Amerika və sairlədir. Yəni sənin arxanda duranı (Fransa) belə kiçik dövlət kimi görən bir ölkəyə 5 dəqiqə ərzində necə müdaxilə edəcəyini düşünə bilərsən?”