BAKI, 12 aprel. TELEQRAF

Rusiya tərəfindən Ukraynaya qarşı döyüşən 100-dən çox Çin vətəndaşı hökumətlə birbaşa əlaqəsi olmayan muzdlulardır.

Teleqraf xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi “Reuters” agentliyinə bildirib.

Rəsmilərin sözlərinə görə, çinli döyüşçülər minimal təlimlərdən keçiblər və Rusiyanın hərbi əməliyyatlarına nəzərəçarpacaq təsir göstərmirlər.

Bir keçmiş kəşfiyyatçı bildirib ki, Çin hökuməti ilə heç bir əlaqəsi olmayan 200-ə yaxın çinli muzdlu Rusiya tərəfindən döyüşür:

“Amma Çin zabitləri Pekinin icazəsi ilə müharibədən dərs və taktika öyrənmək üçün Rusiyada cəbhə xəttinin yaxınlığına səfərlər edirlər. Zabitlər Pekinin icazəsi ilə oradadırlar”.

Xatırladaq ki, Prezident Volodimir Zelenski aprelin 8-də Donetsk vilayətində iki Çin vətəndaşının əsir götürüldüyünü açıqlayıb. Dövlət başçısı Çini Rusiyaya açıq hərbi yardımda ittiham etsə də, rəsmi Pekin bunu rədd edib.