
BAKI, 11 aprel. TELEQRAF
Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlək və ailəsinə qarşı təhdid və təhqir ittihamları ilə bağlı bu gün keçirilən ilk məhkəmə iclası 40 dəqiqə davam edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əkrəm İmamoğlu barəsində irəli sürülən ittihamları rədd edib.
“Mənə baxan türk bayrağını, mənə baxan Mustafa Kamal Atatürkü görür. Məni terrorla bir araya gətirmək absurddur. Ayıbdır, yazıqdır, günahdır.
Üç ittihamla bağlı fikrim aydındır. Əlbəttə, mən özümü ali türk məhkəməsinə etibar edirəm. Düşünmək belə istəmirəm ki, istintaq prosesi düzgün aparılmayıb, ifadələr araşdırılmayıb, pis niyyətlə yazılmayıb, amma baş verənlər anlaşılan deyil. Üç ittihamın heç birini qəbul etmirəm”, - bələdiyyə sədri vurğulayıb.
Məhkəməyə İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu və oğlu Səlim İmamoğlu da qatılıb.
***
13:08
Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlək və ailəsinə qarşı təhdid və təhqir ittihamları ilə ilk məhkəmə iclası keçirilib.
Teleqraf xəbər verir ki, başqa bir cinayət işinə görə həbs edilən İmamoğlu məhkəmədə iştirak edib.
İclas şübhəli İmamoğlunun müdafiəsi ilə başlayıb.
Prosesdə müşahidəçi qismində CHP-dən olan bəzi millət vəkilləri, bələdiyyə sədrləri və partiya üzvləri də iştirak edib.
İş üzrə müvəqqəti qərar elan edilib. Rəyini bildirmək üçün dosye dövlət ittihamçısına göndərilib və proses iyunun 16-dək təxirə salınıb.
İmamoğlu Gürlək haqqında söylədiyi fikirlərə görə “terrorla mübarizə aparan insanları hədəfə almaq”, “təhqir” və “təhdid” ittihamları ilə mühakimə olunur. Bələdiyyə sədrinin 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi, səsvermə və seçilmək hüququndan məhrum edilməsi və dövlət vəzifəsində işləməsinə qadağa qoyulması tələb edilir.
Xatırladaq ki, Əkrəm İmamoğlu mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində korrupsiya ittihamı ilə həbs edilib. Hələlik bu işlə bağlı məhkəmə prosesi başlamayıb.