BAKI, 10 aprel. TELEQRAF

MDB dövlətləri tezliklə “XXI əsrdə müxtəliflik və çoxqütblülük Avrasiya Xartiyası”nı – beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üzrə proqram xarakterli sənədi razılaşdıracaqlar.

Teleqraf xəbər verir ki, bu barədə MDB baş katibi Sergey Lebedev məlumat verib.

“Birlik ölkələri Avrasiya Xartiyasının mətninin razılaşdırılması üzrə işləri başa çatdırmaq üzrədirlər”, - qurum rəhbəri bildirib.

MDB baş katibi qeyd edib ki, Avrasiya Xartiyasının əsas məzmunu çoxqütblü dünya və ədalətli qlobal nizamın sürətli qurulması, təhlükəsizliyin bölünməzliyi, ədalətlilik, qanunilik, davamlılıq və iştirakçıların birgə töhfəsi prinsiplərinə əsaslanan təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin yeni pan-kontinental arxitekturasının formalaşdırılmasıdır.

Lebedevin sözlərinə görə, sənəd bütün dövlətlərin mənafeyinə uyğun olaraq qitədə sülhün, sabitliyin və ümumbəşəri rifahın təmin edilməsi üçün Avrasiya məkanının konsolidasiyasını nəzərdə tutur.