BAKI, 8 aprel. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə Rusiya qoşunları arasında Belqorod vilayətində şiddətli döyüşlər gedir.

Teleqraf xəbər verir ki, bu barədə rusiyalı hərbi müxbir Semyon Peqov məlumat verib.

Jurnalist döyüşlərin vilayətin Demidovka və Popovka yaşayış məntəqələri ətrafında getdiyini bildirib.

“Ukrayna Silahlı Qüvvələri müdafiəmizə nüfuz etməyə və (bölgədə) mövqelərini möhkəmləndirməyə cəhd etməkdə davam edir, amma ciddi müqavimətlə üzləşir”, - Peqov deyib.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında ilk dəfə olaraq qüvvələrin Belqorodda əməliyyatlar apardıqlarını təsdiqləyib.

Videomüraciətində o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin Kursk və Belqorod vilayətlərindəki son durumla bağlı ona məruzə etdiyini bildirib. Zelenski hər iki Rusiya vilayətində Ukraynanın hərbi mövcudluğuna diqqət çəkib.

“Düşmən ərazilərindəki sərhədyanı rayonlarda aktiv əməliyyatlar aparmağa davam edirik. Bu, tamamilə doğrudur - müharibə gəldiyi yerə qayıtmalıdır”, - Ukrayna prezidenti vurğulayıb.