BAKI, 21 mart. TELEQRAF

Bəzi sosial media hesabları vasitəsilə “ictimai nifrət və düşmənçiliyə sövq etmə” və “cinayətə təhrik” ittihamları çərçivəsində 72-si xaricdə olmaqla, ümumilikdə 326 şübhəli hesab idarəçisi müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

“Kibercinayətkarlıqla Mübarizə və Təhlükəsizlik xidmətləri tərəfindən həyata keçirilən koordinasiyalı əməliyyat nəticəsində 54 şübhəli yaxalanıb, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir. Bundan əlavə, ötən gecə keçirilən aksiyalar zamanı 53 nəfər barəsində “ictimai əmlaka zərər vurma” və “vəzifənin yerinə yetirilməsinə mane olmaq üçün müqavimət göstərmə” ittihamları ilə bağlı icraat başlanıb.

Aksiyalar zamanı 16 polisimiz yaralanıb”, - nazir bildirib.

Xatırladaq ki, aksiyalar İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasına etiraz olaraq keçirilib.

Martın 19-da saxlanılan bələdiyyə sədri terror təşkilatına yardım və korrupsiyada ittiham olunur.