BAKI, 20 mart. TELEQRAF

Dünən saxlanılan İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu və digər şübhələrin dindirilməsi və istintaqı davam edir.

Teleqraf xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.

Əkrəm İmamoğlu barəsində “cinayətkar dəstənin lideri olmaq”, "hədə-qorxu ilə tələb etmə”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi”, “tenderlərin saxtalaşdırılması” və “terror təşkilatına yardım” ittihamları ilə istintaq aparılır.

Neçə gün nəzarətdə olacaq?

Qanuni saxlanılma müddəti 24 saatdır. Bu, hər dəfə bir gün artırıla və cəmi 4 günə çatdırıla bilər.

Ehtiyacları kim tərəfindən qarşılanır?

Şübhəlilərin bütün ehtiyacları polis tərəfindən qarşılanır.

Nəzarət altında kiminlə görüşə bilərlər?

Ancaq vəkilləri ilə.

Proses necə davam edəcək?

Polis bölməsində ifadəsi alınacaq və məhkəməyə aparılacaq. Təqsirləndirilən şəxslərin sayı çox olduğundan ifadələrinin 4-5 prokuror tərəfindən alındığı bildirilir.

Nə qədər cəza tələb edilə bilər?

Şübhəlilər onlara qarşı irəli sürülən ittihamların aşağı və yuxarı həddinə uyğun olaraq, 24 ildən 57 ilə qədər həbs cəzası tələbi ilə istintaqa cəlb edilir.

“Cinayətkar dəstənin lideri olmaq” ittihamı cəzanı artıra bilərmi?

Dəstə liderlərini dəstə üzvlərindən iki dəfə artıq həbs cəzası gözləyir.

Siyasi qadağa ola bilərmi?

Bu, ittiham yekunlaşdıqdan sonra bəlli olacaq, amma istintaq çərçivəsində terror təşkilatı ilə əlaqələrin olması ittihamları siyasi qadağa tələbi ehtimalını gücləndirir.

Cümhuriyyət Xalq Partiyası (CHP) prezidentliyə namizədini müəyyən etmək üçün ilkin seçki keçirəcək?

Rəsmi seçki deyil, yoxlama səsverməsi olduğu üçün martın 23-də keçiriləcək. İmamoğlu həmin tarixdə sərbəst buraxılmasa belə, onun namizədliyi səsə qoyula bilər.