BAKI, 15 mart. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynada 30 günlük atəşkəslə bağlı amerikalı həmkarı Donald Trampın təklifi ilə razılaşmaq niyyətində deyil. Rusiya lideri sülh prosesini təxirə salmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Qeyd olunur ki, Kreml atəşkəsdə maraqlı deyil. Əvəzində Rusiya öz qüvvələrini yenidən silahlandırmaqdan ötrü fasilədən istifadə etmək üçün danışıqlar prosesini uzatmaq istəyir.

Analitiklər xatırladıblar ki, Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla görüşdən sonra Trampla telefon danışığı aparmaq istədiyini bildirib. Onların fikrincə, bu, Putinin ABŞ tərəfindən dünya arenasında Rusiyanın bərabərhüquqlu tərəf kimi qəbul edilməsi üçün sonuncu addımıdır.

Hesabatda xatırladılır ki, Rusiya mənbələri Putinin mümkün müvəqqəti atəşkəslə bağlı danışıqları uzatmağa çalışdığını bildiriblər. Onlar əmindirlər ki, Rusiya liderinin son bəyanatları bunu göstərir.

ABŞ kəşfiyyatının məxfi sənədləri təsdiqləyir ki, Putin Ukrayna üzərində tam nəzarəti ələ keçirmək planından imtina etməyib.