
BAKI, 14 mart. TELEQRAF
"ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında atəşkəs razılaşmasına çox yaxındır. Amma hər şey Rusiya Prezidenti Vladimir Putindən asılıdır, amma o, hazırda əks istiqamətə meyl edir".
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.
ABŞ nəşri hesab edir ki, Putinin mövqeyi Trampı çətin vəziyyətə salıb. Putinin sülh istədiyini iddia edən və Kiyevə döyüş əməliyyatlarına 30 günlük fasilə verilməsini dəstəkləməsi üçün təzyiq edən Tramp Kreml bu plandan əl çəkərsə, Moskvaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı vəd etdiyi qərarı verməli olacaq. Amma Moskvanın cəzalandırılması onsuz da çətin olan razılaşma yolunda başqa bir maneə ola və onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq kimi daha böyük məqsədini təhlükə altına qoya bilər.
Trampın məqsədinə nail olub-olmaması Moskva ilə necə danışıqlar aparmasından asılıdır. Rusiya atəşkəsi tamamilə rədd etmək əvəzinə, müharibəni bitirmək üçün danışıqlara başlamazdan əvvəl güzəşt tələb edə və Trampa daha çox təzyiq göstərə bilər.
WSJ Putinin son nəticədə bu və ya hər hansı digər təklifə imza atacağına şübhə ilə yanaşır.
Trampın Senatdakı ən yaxın adamı, senator Lindsi Qrem "X"də yazıb: “Rusiyanın atəşkəsə razı olacağına və müharibəni bitirmək istəyinə şübhə edirəm”.
Senator həmçinin Vaşinqtonun Kremlə qarşı “sümük qıran sanksiyalar və tariflər” tətbiq edəcəyini açıqlayıb.