
BAKI, 13 mart. TELEQRAF
"Ukraynada atəşkəs razılaşması Rusiya lideri Vladimir Putin üçün strateji məğlubiyyət olacaq. Bununla belə, ABŞ Prezidenti Donald Trampın təklifini rədd etmək də onun üçün eyni dərəcədə zərərli olardı".
Teleqraf xəbər verir ki, bu barədə “The Times” yazır.
Məqalədə deyilir: “Daim çöküş astanasında olduğu deyilən Rusiya iqtisadiyyatı gözləntiləri doğrultmadı, indi bir çox analitik onun mövcud müharibə vəziyyətini ən azı bir il davam etdirə biləcəyinə inanır”.
Nəşrin fikrincə, atəşkəs razılaşması Putin üçün məğlubiyyət kimi qəbul ediləcək:
“Davamlı qeyd-şərtsiz atəşkəs Ukraynanı Avropa ilə sıx şəkildə, Rusiyanın təsir dairəsindən kənarda azad və müstəqil bir ölkə kimi gücləndirəcək. Atəş dayandıqdan sonra Ukrayna hava limanları yenidən açılacaq, xarici yardımlar daha tez gələcək və Ukraynada güclü bir uğur hissi yaranacaq. Rusiyanın üç ildir qanlı müharibəyə niyə bu qədər pul xərclədiyini izah etmək mümkün olmayacaq”.
Həmçinin “The Times” atəşkəs təklifindən imtinanın Rusiya üçün nə üçün sərfəli olmadığına diqqət çəkib:
“Kreml dəfələrlə Ukraynanı sülhə maneə kimi göstərməyə çalışıb. Əgər Putin bundan imtina edərsə, bu illüziyanı darmadağın edəcək və onu danışıqlar masasına oturtmaq üçün Ağ Evdən cəza tədbirləri, o cümlədən Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar və Ukraynaya hərbi yardımın artması riski ilə üzləşəcək”.
Həmçinin nəşr əlavə edir ki, Rusiya lideri qlobal və daxili nüfuzunu itirmək riski ilə üzləşib.