
BAKI, 13 mart. TELEQRAF
Böyük Britaniya Soyuq müharibə bitdikdən sonra Rusiyadan ən böyük raket hücumu riski ilə üzləşib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın Geostrategiya Şurasının (Council on Geostrategy) analitik araşdırmasında deyilir.
Analitiklərin fikrincə, Britaniyaya ən böyük təhlükəni Norveç sahillərində yerləşən Rusiya sualtı və döyüş gəmiləri təşkil edir.
Tədqiqatın müəllifləri xatırladırlar ki, Rusiyanın Şimal donanmasında Britaniyaya hücum etmək üçün istifadə oluna bilən 800 qanadlı raket var. Rusiyanın 2000 kilometrdən çox mənzilli “Kalibr” raketləri də mövcuddur. Mütəxəssislər vurğulayırlar ki, Britaniya hazırda iri şəhərləri bir yana qalsın, hərbi bazalarını qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə imkanlarına malik deyil.
Materialda belə bir xəbərdarlıq edilir: “Soyuq müharibənin bitməsindən bəri ciddi raket hücumu təhlükəsi ilə üz-üzəyik”.
Həmçinin qeyd edilir ki, ölkənin Baş naziri Kir Starmer Britaniya ordusunun zəifliklərini araşdırmaq üçün strateji müdafiəyə baxış keçirməyi əmr edib.