
BAKI, 11 mart. TELEQRAF
Rusiya Dövlət Dumasından martın 11-də gecə saatlarında Moskvaya çoxsaylı PUA hücumundan sonra Prezident Vladimir Putinə Ukraynanı təcili olaraq “Oreşnik” raketləri ilə vurmağa çağırış edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dumanın Müdafiə Komitəsinin sədri Andrey Kartapolov açıqlama verib.
“Qərar Ali Baş Komandanın (Putin) ixtiyarındadır, amma mən hesab edirəm ki, “Oreşnik”i işə salmaq faydalı olardı”, - deputat bildirib.
Kartapalov Ukrayna pilotsuz təyyarələrinin kütləvi hücumunu “təbliğat hərəkəti” adlandırıb. Onun sözlərinə görə, hücumun heç bir hərbi məqsədi olmayıb, bu səbəbdən ABŞ ilə Səudiyyə Ərəbistanında aparılan danışıqlarla eyni vaxtda edilib.
“Onlar göstərirlər ki, “cool”durlar, nəsə edə bilərlər, ona görə də onları söndürmək, məhv etmək və qaydaya salmaq lazımdır”, - Kartapolov qeyd edib.